“Xocalının səsi” qəzetinin fəaliyyət istiqamətlərindən biri Qarabağ müharibəsinin (Dağlıq Qarabağ münaqişəsinin) əsl mahiyyətini açıqlamaq, onun tarixini, bu gününü müntəzəm işıqlandırmaqdan ibarətdir. Redaksiya fəaliyyət prinsiplərini layiqincə davam etdirmək üçün bütün imkanlardan istifadə etməyə çalışır.Bu məqsədlə “Xocalının səsi” qəzeti AMEA-nın alimləri ilə əməkdaşlıq edəcək. Təqdirəlayiq təşəbbüsü AMEA Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı tərəfindən irəli sürülüb. AMEA-nın alimlərinin Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi, Qarabağ müharibəsi, azərbaycanlıların deportasiyası, erməni terrorizmi, azərbaycanlıların soyqırımı, Xocalı soyqırımı haqqında araşdırma yazıları, qeyd olunan mövzularda xaricdə və ölkəmizdə çap olunan kitablar haqda məlumatlar, xarici tədqiqatçıların araşdırmaları “Xocalının səsi” qəzetində, qəzetə məxsus sosial şəbəkələrdə, həmçinin xocalinininsesi.info saytında işıqlandırılacaq. Qəzetin xarici dillərdə yazılmış məqalələrdən ibarət xüsusi sayının da nəşrə hazırlanması planlaşdırılır. Qeyd edək ki, “Xocalının səsi” qəzeti 9 iyul 1991-ci il tarixdən işıq üzü görür. Xocalıların özü kimi didərginlik həyatı yaşayan “Xocalının səsi” Xocalı soyqırımı haqqında ilk yazılı məlumat verən qəzetlərdən biridir. Mütəmadi olaraq Xocalı soyqırımı şahidlərindən, erməni əsirliyində olmuş insanlardan alınan müsahibələr qəzetdə dərc edilir. “Xocalıya Ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının şüarı altında işıq üçün görən “Xocalının səsi” haqq səsimizi daha ucadan çatdırmaq üçün həmrəyliyə ehtiyac duyur.“XOCALININ SƏSİ”